UY-430 Aprel 2016 cı il tarixində Qeyri Hökumət Təşkilatlarının Mədən Sənayesində Şəffaflığın Artırılması koalisiyasının Ümumi yığıncağı keçirilib. 

Tədbirdə İctimai Birliklərin Mədən Sənayesində Şəffaflığın Artırılması Koalisiyasının koordinatoru Əliməmməd Nuriyev məlumat verərək bildirib ki, Azərbaycan Mədən Hasilatı üzrə Şəffaflıq Təşəbbüsünə (MHŞT) 2003-cü ildə qoşulub. 2004-cü ildə isə İctimai Birliklərin Mədən Sənayesində Şəffaflığın Artırılması Koalisiyası fəaliyyətə başlayıb. MSŞA Koalisiyası Azərbaycanda öz üzvlərinin sayına görə ən böyük vətəndaş cəmiyyəti koalisiyası və dialoq platformasıdır. Koalisiyanın əsas məqsədi isə ölkədə mədən sənayesindən əldə olunan gəlirlər üzərində ictimai nəzarətin həyata keçirməkdir.

Ə.Nuriyev bildirib ki, MHŞT kimi beynəlxalq və qlobal təşəbbüsə qoşulmaqla biz bir daha onu nümayiş etdirdik ki, Azərbaycanda hökumət, şirkətlər və vətəndaş cəmiyyətlərinin birgə işləmək potensialı var. 2004-cü ildən bu vaxtadək koalisiya müəyyən uğurlar əldə edib. Bu nailiyyətlərin əldə olunmasında isə dövlət orqanları, beynəlxalq qurumlar və QHT-lər dəstək göstəriblər.

Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) İcraçı direktoru Şahmar Mövsümov qeyd edib ki, Azərbaycanda MHŞT-nin tarixi bu təşəbbüsün özünün tarixi ilə eyni vaxtda başlayıb. 2003-cü ildə MHŞT bəyan ediləndə Prezident İlham Əliyevin London konfransında iştirakı ilə Azərbaycanın da bu təşəbbüsə qoşulması bəyan edilib. İlk illərdən başlayaraq Azərbaycan MHŞT çərçivəsində böyük nailiyyətlər əldə edib. Bu təşəbbüs üç tərəfin birgə fəaliyyəti nəticəsində nailiyyətlər əldə edir. Yəni bu təşəbbüsün hökumət tərəfindən həyata keçirilməsinə baxmayaraq burada şirkətlər və vətəndaş cəmiyyəti əsas rol oynayır. Ona görə də əldə olunan nailiyyətlər bu üç tərəfin birgə uğurudur.

Ş.Mövsümov deyib ki, 2013-cü ildə MHŞT üzrə yeni standart təsdiq edilib. Bu standartın üzərində böyük iş aparılıb. MHŞT ümumilikdə Azərbaycanda şəffaflığın artırılmasında, vətəndaş cəmiyyəti ilə hökumət arasında səmərəli əməkdaşlığın qurulmasında xüsusi yer tutur. Ötən ilin aprelində Azərbaycanın MHŞT-də statusu namizədlik səviyyəsinə endirilmişdi. Bu yaxınlarda Azərbaycanın yenidən qiymətləndirilməsi prosesinə başlanılacaq. Bu dövr ərzində problemlərin və qaldırılmış məsələlərin əksəriyyəti həll olunub. Yerdə qalan məsələlər üzərində iş gedir. Bu gün əminliklə demək olar ki, MHŞT üzrə Azərbaycanda vətəndaş cəmiyyətinin səmərəli iştirakının qarşısını alan heç bir məhdudiyyət qalmayıb.

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri, Milli Məclisin deputatı Azay Quliyev bildirib ki, şura bütün QHT-lərə, onların siyasi fəaliyyətindən, dünya görüşündən, hökumətə münasibətindən asılı olmayaraq bərabər şəkildə münasibət göstərir və dəstəkləyir. Çünki vətəndaş cəmiyyəti institutları və onların əsas tərkib hissəsi olan QHT-lər olmadan sözün əsl mənasında ölkədə demokratik inkişafdan danışmaq olmaz, o cümlədən də ölkənin qarşısında duran hədəflərə çatmaq olmaz.

A.Quliyev əlavə edib ki, ötən il və bundan əvvəlki illərdə də şura nəinki MSŞA Koalisiyasına daxil olan QHT-lərin layihələrini dəstəkləyib, hətta bu sahədə ayrıca olaraq sərbəst, müstəqil müsabiqə də elan edib. Təkcə ötən il və bu il Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası təxminən 66 QHT-yə 500 min manatdan çox vəsait ayırıb. Şura dövlətin siyasətinə uyğun olaraq şəffaflığın təmin edilməsi layihələrinə daim dəstək olur və bu bizim fəaliyyətimizin əsas tərkib hissəsidir. Şura MHŞT prosesini izləyir, şəffaf şəkildə həyata keçirilməsində yardımçı kimi çıxış edir.

ABŞ-ın Azərbaycandakı səfiri Robert Sekuta isə deyib ki, MHŞT həyata keçirilməsində 3 əsas cəhət var. Bunlar hökumət, şirkətlər və ictimai birliklərdir. Bu üç əsas cəhət üzərində qurulan təşəbbüsün uğuru isə bunlardır: kim nə qədər məlumat təqdim edə bilər?, müzakirə üçün açıqlanmış məlumatın əhəmiyyəti nədən ibarətdir? Məlumatla yanaşı, təqdim etdiyimiz verilənlər bazası da izah olunmalıdır. Ümid edirəm ki, Azərbaycan şəffaflığın daha da artırılması, iqtisadiyyatın şaxələndirilməsi kimi məsələlərlə əlaqədar MHŞT çərçivəsində üzərinə götürdüyü öhdəliklərin yerinə yetirilməsinə nail olacaq.

Yığıncaqda Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri xanım Malena Mard, Dünya Bankının Azərbaycan üzrə ölkə meneceri xanım Larisa Lesçenko və MHŞT Beynəlxalq İdarə Heyəti Katibliyinin regional direktoru xanım Dyveke Roqan MSŞA Koalisiyasının fəaliyyət istiqamətləri, nailiyyətləri, o cümlədən də MHŞT üzrə Azərbaycanın uğurları barədə fikirlərini bölüşüblər.

Sonra yığıncağın sədarəti seçilib. Əliməmməd Nuriyev MSŞA Koalisiyasının hesabatını təqdim edib. O cümlədən də koalisiyanın monitorinq qrupunun hesabatı dinlənilib. MSŞA Koalisiyasının hüquqi şəxs statusu alması məsələsi müzakirə edilib. Daha sonra isə Azərbaycanın MHŞT-də durumu və gələcək fəaliyyəti müzakirə olunub.

Yığıncaqda təşkilatı məsələlərə baxılıb, MSŞA Koalisiyasının şurasının və monitorinq qrupunun üzvlüyünə namizədlər təsdiq edilib və səsvermə keçirilib. Səsvermə nəticəsində MSŞA Koalisiyasının şurasına 11, monitorinq qrupuna isə 5 üzv seçilib.

UY-1 UY-2 UY-3